Bakı. Trend:
ABŞ, Vaşinqtonla "vicdanla ticarət danışıqları" aparan ölkələrə qarşı 10%-lik gömrük rüsumu tətbiq edəcək.
Trend xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin rəhbəri Skott Bessent "Bloomberg TV"yə müsahibəsində bildirib.
“Prezident Donald Tramp, "vicdanla danışıqlar aparan" ölkələri mükafatlandırmaq istəyir. Hesab edirəm ki, belə ölkələrin sayı 100-ə yaxın olacaq. Onlar ilkin mərhələdə minimum 10% gömrük rüsumuna tabe tutulacaq, daha sonra vəziyyətə baxacağıq”, – deyə o qeyd edib.
Bessent əlavə edib ki, iyulun 9-na qədər olan müddətdə ABŞ ilə müxtəlif ölkələr arasında “ticarət sövdələşmələrinin kaskadı” baş verə bilər.
Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkə və ərazinin mallarına gömrük rüsumları tətbiq ediləcəyini açıqlamışdı. 10%-lik universal tariflər aprelin 5-dən qüvvəyə minib, fərdi tariflərin tətbiqinə isə aprelin 9-dan başlanılıb.
Həmin gün Tramp, bəzi ölkələr üçün cavab tariflərinin 90 gün müddətinə dayandırıldığını da elan etmişdi. Bu dövrdə universal 10% rüsum tətbiq olunur.
İyunun 27-də isə Tramp bildirib ki, təxminən bir həftə yarım ərzində ABŞ ayrı-ayrı ölkələrlə ticarət sazişləri bağlamadığı təqdirdə, həmin ölkələrə Amerikan bazarına çıxış şərtləri və onlara tətbiq ediləcək rüsum dərəcələri barədə məlumat veriləcək.