Bakı.Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Samir Məcidov, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Qalağan kəndində növbəti səyyar qəbulunu keçirib.
Trend xəbər verir ki, qəbulda Qalağan İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Qalağan,Hacılar, Sayad, Keymərəz, Ərəb və Məmmədxanlı kəndlərinin sakinləri iştirak edib.
Sakinlər elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri, suvarma suyu ilə təchizatın yaxşılaşdırılması və məşğulluqla bağlı müraciətlər səsləndiriblər.
Sakinləri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib. Bəzi müraciətlər yerindəcə həll edilib.
Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.