Bakı. Trend:
Aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə bildirməliyik ki, yenə də bəzi vətəndaşlar, o cümlədən uşaq və yeniyetmələr tərəfindən çimərlik kimi nəzərdə tutulmayan kanal, çay, arx, süni göl və digər su hövzələrindən çimərlik kimi istifadə faktlarına rast gəlinir ki, bu da bir sıra hallarda acı nəticələrə gətirib çıxarır.
Trend xəbər verir ki, bu barədə FHN-in əhaliyə müraciətində qeyd edilib.
Bildirilir ki, yalnız son 2 həftə ərzində bu kimi qeyri-çimərlik ərazilərdə 7 nəfərin batması faktı qeydə alınıb.
Nəzərə alınmalıdır ki, çimərlik üçün nəzərdə tutulmayan kanal,
arx, çay, göl və digər su hövzələrinin təhlükəli sualtı relyefə,
sürətli axına, qeyri-müəyyən dərinliyə, məhdud görüntü və digər
təhlükəli xüsusiyyətlərə malik olması həmin hövzələrdən yayda
sərinləmək məqsədilə istifadə zamanı həyat və sağlamlıq üçün ciddi
təhlükə yaradır.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə,
xüsusilə valideynlərə müraciət edərək, uşaq və yeniyetmələrin
nəzarətsiz qoyulmamasına, müvafiq təhlükəsizlik qaydalarına ciddi
əməl edilməsinə və çimərlik kimi nəzərdə tutulmayan su
hövzələrindən istifadə olunmamasına çağırır.