Bakı. Trend:
3 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci zirvə toplantısı çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Lana Zaki Anvar Zaki Nusseibeh ilə görüşüb.
Trend
xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı, Azərbaycan-BƏƏ dövlət başçıları
arasında sıx dostluq və qardaşlıq münasibətlərinin əlaqələrimizin
inkişafı üçün möhkəm təməl yaratdığı bildirilib, strateji
tərəfdaşlığımızın daha da inkişaf etdirilməsində iki ölkənin Xarici
İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin
rolundan bəhs olunub.
İqtisadi, ticarət, investisiyalar, energetika və humanitar
sahələrdə əməkdaşlıq, habelə İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama
Hərəkatı və BMT-nin İqlim Dəyişikliyi Konfransı kimi beynəlxalq
təşkilat və platformalar çərçivəsində qarşılıqlı faydalı
fəaliyyətlərdən məmnunluq ifadə olunub.
Alternativ enerji sahəsindəki uğurlu müştərək layihələrdən bəhs
olunub və bu sahədə əldə edilən nəticələr yüksək
qiymətləndirilib.
Nazir Ceyhun Bayramov işğaldan azad olunmuş ərazilərimizdə aparılan
bərpa-yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin yurdlarına
qayıdışı və bu proseslərə ciddi təhdid törədən mina təhlükəsi
barədə qarşı tərəfə ətraflı məlumat verib.
BƏƏ-nin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində humanitar
mina təmizləmə və bərpa işlərində göstərdiyi dəstək yüksək
qiymətləndirilib.
Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran digər ikitərəfli və
regional məsələlər barədə fikir mübadiləsi aparılıb.