Xankəndi. Trend:
İran İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində süni intellekt üzrə regional mərkəzin yaradılmasını təklif edib.
Trend-in Xankəndiyə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu İranın Prezidenti Məsud Pezeşkian Xankəndi şəhərində keçirilən İƏT 17-ci Zirvə-görüşündə deyib.
“Yeni texnologiyalar və süni intellekt iqtisadiyyatı dəyişir. Əgər ölkələrimiz rəqəmsal transformasiyaya hazır olmasa, onlar qlobal oyunçulardan geri qalacaqlar. Biz İƏT himayəsi altında süni intellekt üzrə ixtisaslaşmış regional mərkəzin yaradılmasını təklif edirik”, – deyə o bildirib.
Məsud Pezeşkian əlavə edib ki, təşkilata üzv ölkələr daxili və regionlararası marşrutları birləşdirən nəqliyyat infrastrukturunu da gücləndirməlidirlər.
“İran və onun tranzit qonşuları bu prosesdə mühüm rol oynayır. Logistika şəbəkələrinin inkişafı, eləcə də sərhədlərdə və limanlarda beynəlxalq standartların təmin olunması zəruridir”, – deyə dövlət başçısı vurğulayıb.