Bakı. Trend:
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya va Ortopediya İnstitutunun şöbə müdiri, travmatoloq Rəşad Bədəlov nazirliyin rəsmi saytına müsahibə verib.
Trend həmin müsahibəni təqdim edir:
- Rəşad müəllim, ilk olaraq bilmək istərdik ki, ambulator travma nədir və bu travmalara hansı hallar daxildir?
- Ambulator travmalar insanın gündəlik fəaliyyəti zamanı aldığı,
lakin hospitalizasiya tələb etməyən zədələrdir. Bu travmalar yüngül
və orta dərəcəli olmaqla fərqlənir. Adətən evdə, iş yerində, idman
zamanı və ya nəqliyyat qəzaları nəticəsində baş verir.
Ambulator travmalar arasında ən çox rast gəlinən hallara yüngül
sınıqlar, burxulmalar, bağ və əzələ dartılmaları, qançırlar, yumşaq
toxuma zədələri, kəsiklər, yanıqlar və oynaq zədələri aiddir. Bu
tip travmaların vaxtında və düzgün müalicə edilməsi vacibdir. Əks
halda ciddi fəsadlara səbəb ola bilər.
Müasir tibbi metodlar sayəsində ambulator travmaların əksəriyyəti
uğurla müalicə edilə bilir. Burada əsas məqsəd zədənin ağırlıq
dərəcəsini düzgün təyin etmək və effektiv müalicə planı
hazırlamaqdır.
- Bu cür travmalara məruz qaldıqda, ilk olaraq nə etmək lazımdır?
- İlk yardım travmanın nəticələrini yüngülləşdirmək və sağalma
prosesini sürətləndirmək üçün olduqca vacibdir. Hər travma növü
üçün fərqli ilkin müdaxilə üsulları mövcuddur.
Ağrı olan travmalarda, həkim tərəfindən ağrıkəsicilər təyin
olunmalı və xəstənin vəziyyəti izlənməlidir. Travma növünə uyğun
olaraq, dərmanlar və digər tibbi müdaxilələr tətbiq
edilməlidir.
- Travmaların diaqnostikası necə aparılır? Müayinə metodları barədə daha ətraflı məlumat verərdiniz…
- Ambulator travmaların düzgün müalicəsi üçün onların
diaqnostikası dəqiq və vaxtında aparılmalıdır. İlk olaraq, həkim
travma nahiyəsini fiziki müayinə edir və xəstənin şikayətlərini
dinləyir. Sümük və oynaq travmalarında əsasən rentgen müayinəsi
tətbiq edilir, çünki bu üsul sümük sınıqlarını və oynaqlarda
dəyişiklikləri müəyyən etməyə imkan verir.
Əgər yumşaq toxumaların zədələnməsi ehtimal olunursa, ultrasəs
müayinəsi aparılır. Bu, bağ və əzələlərin vəziyyətini yoxlamağa
kömək edir. Daha mürəkkəb hallarda, xüsusilə menisk, qığırdaq və
bağ travmalarının dəqiq qiymətləndirilməsi üçün maqnit rezonans
tomoqrafiyası (MRT) tətbiq edilir.
Bəzi hallarda kompüter tomoqrafiyası (KT) sümük zədələrinin daha
detallı görüntüsünü əldə etmək üçün istifadə olunur. Əgər
sinir-əzələ sistemində problem varsa, elektromioqrafiya (EMQ) ilə
sinir və əzələlərin fəaliyyəti yoxlanılır.
Müayinə metodlarının düzgün seçilməsi travmanın ağırlıq dərəcəsini
dəqiq müəyyən etməyə və xəstə üçün optimal müalicə planı
hazırlamağa imkan verir.
- Travmalarda fiksasiya necə aparılmalıdır?
- Fiksasiya travmanın düzgün sağalması üçün əsas şərtlərdən
biridir. Zədələnmiş nahiyənin hərəkətsiz saxlanması sümük və
toxumaların bərpa olunmasını sürətləndirir. Yüngül burxulmalarda
elastik sarğı və ya xüsusi bandajlardan istifadə edilir. Bu da
həmin hissənin stabil qalmasını təmin edir. Sınıqlar zamanı sümüyün
bitişməsini düzgün şəkildə təmin etmək üçün gips tətbiq olunur.
Gips travmanın növündən asılı olaraq qismən və ya tam formalı ola
bilər.
Bağ və əzələ travmalarında hərəkəti məhdudlaşdırmaq məqsədilə
ortopedik longetlər və xüsusi immobilizasiya cihazları tətbiq
edilir. Daha ciddi sınıqlarda isə metal implantlar və ya
fiksatorlar istifadə oluna bilər.
Müasir dövrdə 3D texnologiyalar əsasında hazırlanan fərdi longetlər
və immobilizasiya vasitələri də tətbiq olunur. Bu vasitələr
xəstənin anatomik quruluşuna uyğun dizayn edildiyi üçün daha
effektiv nəticə verir.
- Müasir travmatologiyada hansı yeni müalicə metodları tətbiq olunur?
- Müasir travmatologiyada bir çox innovativ müalicə üsulları
istifadə edilir. Bunlardan biri trombositlə zəngin plazma (PRP)
terapiyasıdır. Bu metod hüceyrə regenerasiyasını aktivləşdirərək,
toxumaların sağalma müddətini xeyli sürətləndirilir.
Sümük və toxumaların bərpa prosesini stimullaşdırmaq üçün şok dalğa
terapiyası da geniş yayılıb. Bu üsul xüsusilə xroniki bağ zədələri
və gec sağalan sümük sınıqları üçün tətbiq edilir.
Minimal invaziv cərrahiyyə isə travma zamanı ən az kəsiklə
əməliyyat olunma imkanı yaradır ki, bu da xəstənin daha tez
sağalmasına kömək edir.
- Travmalardan sonra fizioterapiyanın əhəmiyyəti nədir?
- Fizioterapiya travmalardan sonra hərəkət funksiyasını bərpa
etmək və ağrını azaltmaq üçün ən vacib metodlardan biridir. Müalicə
prosesində manual terapiya tətbiq edilir. Bu da zədələnmiş
əzələlərin və oynaqların funksiyasını bərpa etməyə kömək edir.
Əzələ gücünü artırmaq və hərəkətliliyi bərpa etmək üçün müalicəvi
idman hərəkətləri təyin olunur. İltihabın və ağrının azalmasına
kömək etmək üçün lazer terapiyası, ultrasəs terapiyası və
elektroterapiya (TENS və EMS) kimi metodlardan istifadə edilir.
Xroniki bağ və əzələ travmalarında isə şok dalğa terapiyası daha
effektiv nəticələr verir. Bu metod problemli toxumalarda qan
dövranını artıraraq onların daha tez bərpasını təmin edir.
- Gündəlik həyatda bu cür travmalardan necə qorunmaq olar?
- Travmaların qarşısını almaq üçün bəzi sadə, amma effektiv
tədbirlər var. İlk növbədə, idmandan əvvəl isinmə hərəkətləri etmək
vacibdir, çünki bu, əzələləri və oynaqları hərəkətə hazırlayır.
Hərəkət zamanı sürüşkən olmayan, ortopedik ayaqqabılardan istifadə
etmək travmaların qarşısını almağa kömək edir. Fiziki fəaliyyət
zamanı qoruyucu vasitələrdən istifadə edilməli, evdə və iş yerində
təhlükəsizlik tədbirləri görülməlidir.
Bundan əlavə, sümük və əzələlərin sağlamlığını qorumaq üçün D
vitamini və kalsiumla zəngin qidalar qəbul edilməlidir. Qidalanmaya
diqqət etmək, sağlam həyat tərzi keçirmək və düzgün idman
metodlarından istifadə etmək travma riskini əhəmiyyətli dərəcədə
azaldır.
Nəticə olaraq, ambulator travmaların düzgün müalicəsi xəstənin daha
qısa zamanda sağalmasına şərait yaradır. Müasir fizioterapiya və
reabilitasiya üsulları sayəsində isə fəsadların qarşısını almaq və
normal həyat fəaliyyətinə daha tez qayıtmaq mümkündür.