Bakı. Trend:
Müasir dünyada əmək bazarının tələblərinə uyğun rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, “Yüksəliş” müsabiqəsi ölkədə strateji
idarəçilik mədəniyyətinin formalaşmasına, intellektual kapitalın
önə çəkilməsinə və bacarıqlı kadrların inkişafına geniş imkanlar
yaradır:
“Bu təşəbbüs yalnız idarəçilik müsabiqəsi deyil, həm də
Azərbaycanın gələcəyinə xidmət edən liderlik məktəbidir,” ,– deyə o
vurğulayıb.
Ombudsman qeyd edib ki, ölkəmiz təhlükəsiz və dayanıqlı dövlət modeli kimi tanınır, qanunun aliliyinə və ədalətə söykənən qanunvericilik bazası təkmilləşdirilir. Prezident İlham Əliyevin sərəncamı ilə cari ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu məqsədlərə xidmət edir.
Səbinə Əliyeva bildirib ki, Azərbaycanın 2030-cu ilədək milli prioritetlərindən biri rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasıdır:
“BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan bu məqsəd müasir biliklərin və rəqəmsal bacarıqların artırılmasını tələb edir” ,– deyə o əlavə edib.
Ombudsman həmçinin “Yüksəliş” müsabiqəsi qaliblərinin idarəetmə bacarıqlarının inkişafı və həssas qrupların hüquqlarının müdafiəsi sahəsində praktiki təşəbbüslərdə iştirakı üçün şərait yaradıldığını qeyd edib. Onun sözlərinə görə, mentoru olduğu qaliblərdən biri əlilliyi olan şəxslərin hüquqlarına dair layihədə iştirak edib və irəli sürdüyü təklif reallaşdırılmaq üzrədir.