Bakı. Trend:
“Xüsusi icra məmurları haqqında” Qanun layihəsinin məqsədi mövcud olan dövlət icra sisteminə dəstək vermək, xarici təcrübədə özünü doğrultmuş xüsusi icra fəaliyyətinin ölkəmizdə də tətbiqini təmin etməkdir.
Trend xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin bu gün keçirilən iclasında sözügedən qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib.
Nazir müavini bildirib ki, bütövlükdə bu institut icra sisteminə çox mühüm dəstək verəcək:
“Yeni qanun layihəsi ilə xüsusi icra məmurlarına məcburi icra orqanı statusu verilir. Onlar bu qanun layihəsində nəzərdə tutulan məhkəmə və digər orqanların qərarlarının icrası üçün tam səlahiyyətləndiriləcəklər. Bu baxımdan, onların statusu dövlət icra məmurlarının statusuna bərabərdir, dövlət icra məmurları üçün nəzərdə tutulan bütün icra mexanizmləri eyni zamanda xüsusi icra məmurları üçün də nəzərdə tutulur.
Bu səlahiyyətlər təkcə borcluların əmlak gəlirləri ilə bağlı tədbirlər görmək hüququ ilə məhdudlaşmayacaq. Həmçinin onlara qərarın icrasından yayınan, icra məmurunun tələblərini yerinə yetirməyən şəxslər barəsində inzibati məsuliyyətlə bağlı tədbirlər görmək, məhkəmə qərarlarının icrasına qərəzli münasibət göstərən şəxslərin cinayət məsuliyyətinə cəlbi üçün məsələ qaldırmaq kimi səlahiyyətlərin verilməsi də nəzərdə tutur.
T.Hüseynovun sözlərinə görə, dövlət icra məmurlarında olduğu kimi, müzakirə edilən qanun layihəsi də qərarların icrası ilə bağlı xüsusi icra məmurunun tələblərinin bütün fiziki və hüquqi şəxslər, müəssisə, idarə və təşkilatlar üçün məcburi olduğunu müəyyən edir, bütün aidiyyəti şəxslərdən qərarların icrasına hörmətlə yanaşmağı tələb edir.
“Eyni zamanda, xüsusi icra məmurlarının peşə bacarıqlarının formalaşdırılması və inkişafı daim diqqət mərkəzində saxlanılacaq, onların fəaliyyətinin təşkili, həyata keçirilməsi ciddi şəkildə nəzarət mexanizmlərindən keçiriləcək və davamlı monitorinq olunacaqlar”, - deyə o fikrini tamamlayıb.