Bakı.Trend:
Azərbaycan Respublikasının Nazirlər Kabineti 23 iyun 2025-ci il tarixində “Dövlət informasiya ehtiyatları və sistemləri, habelə elektron xidmətlərlə bağlı layihələrə texniki və səmərəlilik baxımından məqsədəuyğunluq barədə rəy verilməsi Qaydası”nı təsdiq edib. Yeni qaydaya əsasən, dövlət qurumları rəqəmsal layihələrini icra etməzdən əvvəl vahid elektron platforma üzərindən həmin layihələrin texniki və iqtisadi ekspertizasını həyata keçirməlidirlər.
Trend bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinandən xəbər verir
Belə ki, hər bir layihə texniki uyğunluğu (arxitektura, inteqrasiya, və miqyaslana bilmə qabiliyyəti və s.), eləcə də büdcə səmərəliliyi (xərclərin optimallaşdırılması və gözlənilən fayda və s.) baxımından Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən qiymətləndiriləcək. Layihələrə dair müraciətlər “Dövlət informasiya sistemləri və elektron xidmətlərin vahid reyestri”ndə fəaliyyət göstərən elektron kabinet vasitəsilə təqdim ediləcək və Nazirliyin rəyi alınacaq.
Bu mexanizmin tətbiqi dövlət sektoru üzrə vahid texniki standartların formalaşdırılmasına, layihələrin daha səmərəli planlaşdırılmasına və icrasına şərait yaradacaq. Həmçinin paralel və təkrarlanan layihələrin qarşısının alınmasına, vəsait və vaxt baxımından daha qənaətli yanaşmanın təmin olunmasına xidmət edəcək.
Yeni qayda ilə elektron xidmətlərin keyfiyyətinin yüksəlməsi, vətəndaş məmnuniyyətinin artması və ümumilikdə ölkədə rəqəmsal transformasiya prosesinin sürətlənməsi gözlənilir.