Bakı.Trend:
3 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci zirvə toplantısı çərçivəsində BMT-nin Baş katibinin müavini və Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiah Alisjahban ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb
Görüşdə Azərbaycanla UNESCAP arasında əməkdaşlığın mövcud
vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
UNESCAP-ın icraçı katibi zirvə toplantısına dəvətə və ölkəmizin
2026-cı ildə UNESCAP-ın 82-ci sessiyasına ev sahibliyi təşəbbüsünə
görə minnətdarlığını bildirib.
Görüş zamanı Azərbaycanın regionda və beynəlxalq platformalarda
artan rolu yüksək qiymətləndirilib, ölkəmizin BMT-nin missiyasına
verdiyi töhfələr, o cümlədən 2023-cü ildə Təşkilatın Mərkəzi Asiya
Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci
ildönümü münasibətilə zirvə toplantısına, 2024-cü ildə isə BMT-nin
İqlim Dəyişikliyi Konfransı – COP29-a uğurlu ev sahibliyi və
məhsuldar sədrliyi məmnunluqla xatırlanıb.
Tərəflər arasında iqlim dəyişikliyi və yaşıl enerji, nəqliyyat
dəhlizləri, texnologiyalar və rəqəmsallaşma kimi sahələrdə birgə
layihələrin həyata keçirilməsi imkanları nəzərdən keçirilib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər qlobal inkişaflar
və çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.