Bakı. Trend:
Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs ölkəmizə ekstradisiya edilib.
Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Yolçuyev Anar Elmar oğlu, Məlikli Reyhan Mirbala qızı, Aslanov Zamiq Qurbanəli oğlu və Zaxarov Elşən Musa oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.
Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.