Bakı. Trend:
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Heydər Əliyev və müstəqil Azərbaycan quruculuğu strategiyası” adlı elmi-praktiki konfrans keçirilib.
Konfrans iştirakçıları öncə Fəxri xiyabanda müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər. Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.
Konfransın açılışında Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Konfransda UNEC-in rektoru professor Ədalət Muradov müstəqilliyimizin ilk illərində Azərbaycanı dərin iqtisadi böhrandan çıxaran Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətindən danışıb. Rektor Heydər Əliyev zirvəsinin hələ fəth edilmədiyini bildirib, Ulu Öndərin zəngin irsinin daha da dərindən araşdırılaraq, layiqli əsərlər eləcə də kitablar yazılmasının vacibliyini diqqətə çatdırıb.
İctimai siyasi xadim, t.e.d. Həsən Həsənov konfransda çıxış edərək, Ümummilli Lider Heydər Əliyevlə bağlı maraqlı xatirələrini bölüşərək, Azərbaycanın beynəlxalq aləmdə tanınması, iqtisadiyyatın, mədəniyyətin, təhsilin inkişafında göstərdiyi misilsiz xidmətlərindən söz açıb.
Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədri Arif Rəhimzadə qeyd edib ki, müasir Azərbaycan tarixinin böyük bir dövrü- 34 ili görkəmli dövlət xadimi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. A.Rəhimzadə Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin keçdiyi inkişaf yolundan danışıb.
UNEC-in məsləhətçi professoru Arif Şəkərəliyev konfransda “Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan elminə töhfələri” adlı mövzu ilə çıxış edib.
Konfrans öz işini “Müasir əmək bazarının tələblərinə uyğun yeni nəsil iqtisadçıları: Rəqəmsal dövrün çağırışları və fürsətləri”, “Maliyyə, bank, mühasibat və audit sisteminin gələcəyi: Yeni trendlər və texnologiyalar”, “Azərbaycanda yeni biznes təfəkkürü və sahibkarlığın inkişafı”, “Gələcəyin mühəndisləri: İnnovativ texnologiyalar və süni intellektin tətbiqi” mövzularında bölmə iclasları ilə davam edib.
Konfrans çərçivəsində iştirakçılar Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş kitabların və Dizayn Məktəbinin tələbələrin əl işlərindən ibarət sərgi ilə tanış olublar.