Bakı. Trend:
“Robinhood Markets” şirkəti Avropadakı pərakəndə investorlar üçün ABŞ-da buraxılan tokenləşdirilmiş qiymətli kağızlarla ticarət imkanı yaradacaq yeni blokçeyn əsaslı platforma üzərində işləyir.
Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi xəbər verib.
Məlumata əsasən, layihə çərçivəsində səhmlər kimi maliyyə alətlərini təmsil edən tokenlərin buraxılması planlaşdırılır. Bu tokenlər paylanmış reyestr texnologiyası əsasında yaradılacaq.
Şirkət Arbitrum və Solana kimi blokçeyn şəbəkələri ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir, lakin hələlik yekun qərar qəbul olunmayıb. Partnyorlarla danışıqlar davam edir, ancaq mümkün razılaşmaların detalları ictimaiyyətə açıqlanmır. Robinhood, Arbitrum və Solana nümayəndələri bu təşəbbüslə bağlı hər hansı rəsmi şərh verməyiblər.
Analitiklərin fikrincə, aktivlərin tokenləşdirilməsinə maraq artır, çünki maliyyə institutları xərcləri azaltmağa və prosesləri daha şəffaf etməyə çalışırlar. Qlobal Maliyyə Bazarı Assosiasiyasının (GFMA) hesablamalarına görə, paylanmış reyestr texnologiyasının tətbiqi klirinq və hesablaşma əməliyyatlarında illik təxminən 20 milyard dollar qənaət etməyə imkan verə bilər.