Aşqabad. Trend:
Xəzər dənizi ilə bağlı məsələlər üzrə Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclasına Türkmənistan ev sahibliyi edəcək.
Trend xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb
Qərar Rusiya nümayəndə heyətinin rəhbəri Mixail Petrakovun sədrliyi ilə keçirilmiş Yüksək Səviyyəli İşçi Qrupunun (YSİQ) onuncu iclasının yekunlarına əsasən qəbul olunub.
Danışıqlarda beş Xəzəryanı dövlətin – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndələri iştirak ediblər. Türkmənistan nümayəndə heyətinə Murad Atacanov rəhbərlik edib.
Məlumatda bildirilir ki, tərəflər Xəzər dənizində əsas başlanğıc xətlərin müəyyən edilməsi metodikasının müzakirəsini davam etdiriblər – bu məsələ dəniz sərhədlərinin hüquqi tənzimlənməsi baxımından əsas element hesab olunur. Bununla yanaşı, nümayəndələr regional əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar və Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin qarşıdakı görüşünə hazırlıq məsələlərini nəzərdən keçiriblər.
Növbəti görüşün dəqiq tarixi diplomatik kanallar vasitəsilə müəyyənləşəcək.