Bakı. Trend:
İsveç Krallığının paytaxtı Stokholm şəhərində Skandinaviya ölkələrində yaşayan azərbaycanlılarla görüş və Skandinaviya AKŞ-nin toplantısı keçirilib.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən Vətən oğullarının əziz xatirəsinin ehtiramla yad olunması ilə başlayıb.
Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının İsveç üzrə koordinatoru İradə Əliyeva Söderberq, Skandinaviya AKŞ-nin Norveç üzrə koordinatoru, Norveç Azərbaycanlıları Gənclər Təşkilatının təsisçisi və Oslo Azərbaycan Evinin sədri Ramil Əliyev, Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin sədri Mehriban Əliyeva-Sadiqi, Diaspor Gənclərinin IV Yay Düşərgəsinin iştirakçısı Mona Savojifar və digər fəal icma üzvləri çıxış ediblər. Çıxışlarda bu ölkələrdəki icmanın fəaliyyəti barədə ətraflı məlumat verilib.
“Prezident İlham Əliyevin rəhbərliyi dövründə yeni meyarlarla zənginləşdirilən diaspor siyasəti xaricdəki Azərbaycan icmalarının inkişafına mühüm töhfələr verir və diasporumuzun “yumşaq gücə” çevrilmə imkanlarını artırır” - Azərbaycan icması ilə görüşdə bu fikirləri Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev səsləndirib.
Sədr müavini komitənin fəaliyyət istiqamətləri barədə danışıb, soydaşlarımızın ölkəmizi xaricdə uğurla təmsil etdiklərini deyib.
Azərbaycan Respublikasının Norveç, İsveç, Finlandiya və Danimarkadakı səfirliyinin birinci katibi Əsgər Nağıyev bildirib ki, bu görüş Skandinaviya ölkələrindəki Azərbaycan icmalarının fəaliyyətini müzakirə etmək və perspektivləri müəyyənləşdirmək üçün böyük bir fürsətdir. Görüş icma üzvlərinin suallarının cavablandırılması ilə davam edib.
Daha sonra İsveçdəki “Qarabağ” Cəmiyyətinin üzvü Aida Amir Haşimi İsveç Azərbaycanlıları Koordinasiya Şurasının (AKŞ) Stokholm şəhəri üzrə, İsveçdə fəaliyyət göstərən "Qarabağ Azadlıq Mərkəzi"nin sədri Ülviyyə Nəcəfova isə Yöteborq şəhəri üzrə koordinator seçiliblər.
Sonda İsveç Azərbaycanlıları Koordinasiya Şurasının İdarə Heyətinin üzvü Sevinc Nemətovaya, “Qarabağ Azadlıq Mərkəzi”nin sədri Ülviyyə Nəcəfovaya və “Tribun" jurnalının baş redaktoru, "Azərbaycan Tribunu" saytının rəhbəri Əlirza Qəzvinizadəyə təltif olunduqları “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalları təqdim edilib.
Tədbir İradə Əliyeva Söderberqin moderatorluğu ilə keçirilib.