Bakı. Trend:
Ümumtəhsil müəssisələrində 120-dən artıq xüsusi siniflər var.
Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xüsusi təhsil sektorunun müdiri Anar Xələfov Təhsil TV-də yayımlanan "360 dərəcə təhsil" verilişində deyib.
"İnteqrasiya təlim-tədris müəssisələri var ki, orada xüsusi siniflər fəaliyyət göstərir. Sağlamlıq imkanları məhdud olan uşaqlar həmin siniflərdə təhsil alır. Bu siniflərdə inteqrasiya üçün imkanlar daha çoxdur. İnteqrasiyadan da vacib, əsas olan odur ki, bu məktəblər uşaqların evlərinə daha yaxındır. Xüsusi ixtisaslaşmış təhsil müəssisələri, adətən, böyük şəhərlərdə olur. Çünki xüsusi təhsil müəssiələrinin olması üçün say 100 nəfərdən artıq olmalıdır”, - sektor müdiri bildirib.
O qeyd edib ki, uşaqlar ailələrindən ayrılıb xüsusi təhsil müəssisələrinə getməsin deyə, öz ailəsində, öz evində yaşasın deyə inteqrasiya təlim-tədris müəssisələri yaradılır.
“İnklüziv təhsil inteqrasiyadan sonra gələn daha yeni mərhələdir. Bu gün Azərbaycanda ümumtəhsil müəssisələrində 120-dən artıq xüsusi siniflərimiz var. Bu, bölgələrdə, kəndlərdə, qəsəbələrdə də mövcuddur. Hətta 1 uşaq da olsa, onun xüsusi təhsilə ehtiyacı varsa, uşaq üçün həmin kənddə, qəsəbədə xüsusi sinif təşkil olunmalıdır”, - deyə Anar Xələfov əlavə edib.