...

Rusiya Azərbaycan məhsullarının alışını artırıb

İqtisadiyyat Materials 8 May 2025 15:12 (UTC +04:00)
Rusiya Azərbaycan məhsullarının alışını artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycandan Rusiyaya 232,9 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,3 milyon ABŞ dolları və ya 3,3% çoxdur.

Hesabat dövründə Rusiyaya qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 30,17%-i həcmində olub. Bununla da Rusiya Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələr sırasında 1-ci pillədə qərarlaşıb.

Eyni zamanda, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanla Rusiya arasında ticarət əməliyyatlarının həcmi 1,4 milyard ABŞ dolları təşkil edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 540,8 milyon ABŞ dolları və ya 60,7% çoxdur. Hesabat dövründə Rusiya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 11,88%-i həcmində olub. Bununla da Rusiya Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında ikinci pillədə qərarlaşıb.

Cari ilin yanvar-mart aylarında Azərbaycandan Rusiyaya 233,8 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 milyon ABŞ dolları və ya 2,1% çoxdur.

Həmçinin, 2025-ci ilin yanvar-mart aylarında Rusiyadan Azərbaycana 1,2 milyard milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 535,9 milyon ABŞ dolları və ya 81% artım deməkdir. Bu göstərici ilə Rusiya Azərbaycanın ən çox idxal əməliyyatları apardığı ölkələr sırasında ilk pillədə qərarlaşıb.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 24,3% artaraq 12 milyard ABŞ dolları təşkil edib. Son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75 milyon ABŞ dolları artaraq 6,4 milyard ABŞ dolları, idxal isə 52,6% və ya 1,9 milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dolları təşkil edib.

Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti