Bakı. Trend:
Dövlətin satınalma öhdəliyi ilə bərpaolunan enerji mənbələrindən istifadə edilməklə elektrik enerjisi istehsalı layihələri üzrə ümumi investisiyanın minimum məbləği müəyyənləşib.
Trend xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, minimum məbləğ 30 milyon manat təsdiq edilib.
Qeyd edək ki, ölkəmiz 2030-cu ilədək ölkənin enerji balansında bərpaolunan enerjinin payını 30 faizə yüksəltməyi hədəfləyir. Energetika Nazirliyinin məlumatına əsasən, Azərbaycanın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.
2023-cü ildə “Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində Xəzər regionunun və MDB məkanının ən böyük günəş elektrik stansiyası olan 230 MVt gücündə “Qaradağ Günəş Elektrik Stansiyası istifadəyə verilib. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib və ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kVt·saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. “ACWA Power” şirkəti ilə əməkdaşlıq çərçivəsində, 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının tikintisi davam edir. Ötən il “ACWA Power” şirkəti ilə “Dənizdə 1,5 QVt-dək külək layihəsinin həyata keçirilməsinə dair İcra Müqaviləsi”, “Quruda 1 QVt külək stansiyasının yaradılmasına dair İcra Müqaviləsi” və “Azərbaycan Respublikasında enerji saxlanc sistemlərinin inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu” imzalanıb.
Naxçıvanda bərpaolunan enerji layihələrinin həyata keçirilməsi ilə bağlı “Nobel Energy Management”, “TotalEnergies” və “A-Z Czech Engineering” şirkətləri ilə ümumi gücü 1000 MVt-dan çox olan yaşıl enerji layihələri ilə əlaqədar müqavilələr bağlanıb.
Eyni zamanda, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamın icrası istiqamətində Yaponiyanın TEPSCO şirkəti ilə əməkdaşlığa başlanılıb və müvafiq Konsepsiya sənədi hazırlanıb. Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi layihələri üçün əlverişli potensial mövcuddur. Bu texniki potensial 7200 MVt-dan artıq olaraq qiymətləndirilib. Eyni zamanda, Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olduğu müəyyən edilib. Bununla yanaşı, Tərtərçay, Həkəri çayı və bu çayların qollarında böyük hidroenerji potensialı mövcuddur.
İşğaldan azad edilmiş ərazilərin bərpası prosesinin mühüm tərkib hissəsi kimi enerji infrastrukturunun qurulmasına və enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi əhəmiyyət verilir. Bu hədəfə uyğun olaraq elektrik enerjisinin istehsal güclərinin bərpası çərçivəsində Laçında, Kəlbəcərdə və Suqovuşanda bərpa edilən 20.2 MVt gücündə 4 su elektrik stansiyası artıq istismara verilib.
Ekspertlərin rəyinə görə, 2030-cu ilədək Azərbaycanda tələbatdan dəfələrlə artıq elektrik enerjisi istehsal olunacaq ki, bu da onun ixracı zərurətini yaradacaq.