Bakı. Trend:
Heyvan dişləməsinə məruz qaldıqda, quduzluq xəstəliyinin qarşısını almaq üçün dərhal tibb müəssisəsinə müraciət etmək lazımdır.
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalar şöbəsinin müdiri vəzifəsini icra edən Aytəkin Qurbanova açıqlayıb.
Onun sözlərinə görə, həkim və ya tibb bacısı tərəfindən xəstəyə ilk yardım göstərildikdən sonra müalicə kursu təyin edilir:
“Heyvan məlum olduqda, zədələnmənin 0-3-7-ci günləri şərti kurs təyin edilir. Heyvan naməlum olduqda və yaxud 10 gün ərzində öldükdə zədələnmənin 0-3-7-14-28-ci günləri qeyri-şərti kurs təyin edilir.
Qeyd etdiyim kimi, müalicə dövrü dişləmənin lokalizasiyasından və dişləyən heyvanın sağlıq vəziyyətindən asılıdır. Lakin ümumilikdə müalicə kursu 1 aya qədər davam edir. Bu müddət ərzində vətəndaş (zərərçəkən) antirabik vaksin vurdurmaq üçün müraciət etdiyi tibb müəssisəsində işləyən cərrah və onun tibb bacısı ilə tez-tez əlaqə saxlamalı, sağlıq vəziyyəti və zədə nahiyəsi haqqında ətraflı məlumat verməlidir. Bundan əlavə, müalicə məqsədilə antirabik vaksinlərini vurdurmaq üçün cərrah tərəfindən tərtib olunan sxem üzrə tibb müəssisəsinə vaxtında müraciət etməlidir. Əgər zərərçəkən cərrah tərəfindən təyin edilən vaxtlarda müraciət etməzsə, o zaman vaksinasiya arasında olan interval pozulur. Bu da vaksin effektivliyinin aşağı olmasına gətirib çıxardır”.
A.Qurbanova qeyd edib ki, xəstələr müalicə aldığı dövrdə və 6 ay müddətində özlərini qorumaq tövsiyə edilir:
“Məsələn, spirtli içki içmək, fiziki olaraq ağır iş görmək, uzun müddət hamamda və saunada olmaq, özünü soyuğa vermək kimi hallardan uzaq olmaq məsləhətdir. Bu müddət ərzində özünü qorumadıqda aparılan vaksinasiya nəticəsində anticisimlər ləng əmələ gəlir və nəticədə immunitet zəifləyir. Əgər xəstə immunodepressantlarla, yaxud kortikosteroidlərlə paralel müalicə olunursa, anticisimlərin virusa nəzarəti təmin olunmalıdır”.
Sonda bildirilib ki, quduzluq xəstəliyinə artıq yoluxmuş xəstənin müalicəsi isə yalnız stasionar şəraitdə aparılır.