...

Elm, Siyasət, İdeologiya – Prezident İlham Əliyevin strateji baxışı

Siyasət Materials 4 Noyabr 2025 16:02 (UTC +04:00)
Elm, Siyasət, İdeologiya – Prezident İlham Əliyevin strateji baxışı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyində etdiyi çıxış həm elmi, həm siyasi, həm də milli ideoloji baxımdan çoxşaxəli, strateji və dərin məzmunlu bir nitqdir.

Bunu Trend-ə politoloq Azər Qarayev deyib.

Onun sözlərinə görə, bu çıxışda dövlət başçısı həm Azərbaycan elminin tarixi inkişaf yolunu dəyərləndirmiş, həm də gələcək istiqamətləri müəyyən etmişdir.

"Prezident İlham Əliyevin çıxışı bütövlükdə Azərbaycan elminin keçdiyi tarixi mərhələlərin təhlilinə, Heydər Əliyev irsinin bu inkişafdakı əhəmiyyətinə, müasir dövrdə elmin, texnologiyanın, süni intellektin, kibertəhlükəsizliyin, hərbi sənayenin, enerji sektorunun, tarix və dilin qorunmasının prioritet istiqamətlər kimi müəyyənləşdirilməsinə həsr olunmuşdur. Azərbaycan alimləri bu gün də ölkənin uğurlu inkişafına öz töhfələrini verməkdə davam edirlər, gələcəkdə isə bu fəaliyyət daha da genişlənəcək. Bu fikirlər dövlətin elmə davamlı dəstəyini və intellektual kapitalın strateji əhəmiyyətini vurğulayır."

Politoloq qeyd edib ki, Prezident İlham Əliyev çıxışının mühüm hissəsini Ulu Öndər Heydər Əliyevin elmin inkişafındakı roluna həsr etdi.

"Heydər Əliyev hələ ötən əsrin 70-ci illərində akademiyanın fəaliyyətinin təkmilləşməsi, yeni elmi-tədqiqat institutlarının yaradılması və elmin maliyyələşməsinin artırılması istiqamətində mühüm addımlar atmışdı. Onun təşəbbüsü ilə minlərlə azərbaycanlı gənc Sovet İttifaqının aparıcı ali məktəblərində təhsil almış, bu da ölkənin intellektual potensialının güclənməsinə xidmət etmişdir. Bu siyasət bu gün də uğurla davam etdirilir — on minlərlə azərbaycanlı gənc dünyanın aparıcı universitetlərində təhsil alır və vətənə qayıdaraq onun inkişafına xidmət edir. Heydər Əliyevin iradəsi və xalqına olan sədaqəti Azərbaycanı 1990-cı illərin faciəvi böhranından xilas etdi. O çətin dövrlərdə belə, AMEA-nın qorunmasına və alimlərin fəaliyyətinə vəsait ayrılmasına xüsusi diqqət yetirirdi. Prezident İlham Əliyev qeyd etdi ki, son onillikdə elmin maliyyələşməsi iki dəfədən çox artmış, elmi infrastruktur yenilənmiş, Elmi Fondu yaradılmış, “Elm haqqında” Qanun və Elmin İnkişafı üzrə Dövlət Proqramı qəbul edilmişdir. AMEA-nın binaları təmir edilmiş, Milli Ensiklopediya və Elmi Kitabxana üçün yeni binalar tikilib. Bütün bu işlər Heydər Əliyev siyasətinin davamı kimi həyata keçirilmiş və elmin inkişafı dövlətin uzunmüddətli strategiyasına çevrilib."

A. Qarayev bildirib ki, Azərbaycanın 2020-ci ildə əldə etdiyi Qələbə dünyada analoqu olmayan bir hadisədir. Ölkə artıq bütün suveren torpaqlarına sahibdir, işğalçı və xarici hərbi qüvvələrdən tam azaddır.

"Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, bu gün texnoloji inkişaf ölkənin əsas prioritetidir. Ölkənin təhlükəsizliyi və dayanıqlı inkişafı texnoloji imkanlardan asılıdır. Bu baxımdan alimlərin rolu xüsusilə önəmlidir. Dövlət başçısı vurğuladı ki, tükənməz sərvət intellektual potensialdır, lakin bu potensial yalnız sərmayə qoyulduğu halda dəyər qazanır. Buna görə dövlət elmin və texnologiyanın inkişafına investisiya yatırmalı, alimlər isə bu imkanlardan maksimum istifadə etməlidirlər."

Politoloqun sözlərinə görə, dövlət başçısı ilk dəfə olaraq bu səviyyədə süni intellektin (AI) əhəmiyyətindən danışaraq bildirdi ki, artıq bu, ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir.

"Azərbaycan bu sahədə geri qalmamalı, dövlət və alimlər birgə fəaliyyət göstərməlidirlər. Rəqəmsallaşma və kibertəhlükəsizlik sahəsində aparılan islahatlar da məhz bu strateji məqsədə xidmət edir. Prezident İlham Əliyev Kibertəhlükəsizlik Mərkəzinin yaradılmasını vaxtında atılmış addım kimi dəyərləndirdi və alimləri bu sahəyə də cəlb etdi. Bundan başqa Azərbaycan artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edir və bu sahəyə özəl sektorun da cəlb edilməsi prosesi başlanmasına diqqət çəkilib. Ölkədə pilotsuz uçuş aparatlarının istehsalı həyata keçirilir."

A. Qarayev qeyd edib ki, dövlət başçısı iqtisadi sahədə əldə edilən nailiyyətlərdən danışaraq vurğuladı ki, Azərbaycanın aparıcı qüvvəsi artıq qeyri-neft sektorudur.

"Valyuta ehtiyatları 80 milyard dollardan artıqdır, xarici borc ümumi daxili məhsulun cəmi 6 faizindən bir qədər çoxdur. Bu, Azərbaycanın iqtisadi müstəqilliyini təmin edən mühüm göstəricidir. Azad edilmiş ərazilərdə Qarabağ və Şərqi Zəngəzurda geniş bərpa və enerji layihələri həyata keçirilir. 30-dan çox su elektrik stansiyası inşa edilib, günəş və külək stansiyalarının generasiya gücü 2030-cu ilə qədər 6 min meqavata çatacaq. Bu, Azərbaycanın “yaşıl enerji” strategiyasının əsas sütunudur."

Politoloq vurğulayıb ki, Prezident İlham Əliyev çıxışında tarixi ədalətin bərpası və Azərbaycanlıların indiki Ermənistana qayıdışı məsələsinə toxunaraq bildirdi ki, bu, ədalətli və təbii prosesdir.

"Dövlət başçısı Çar Rusiyasının xəritələrinə istinad edərək qeyd etdi ki, indiki Ermənistan ərazisindəki toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Bu faktların elmi şəkildə araşdırılması və dünya ictimaiyyətinə təqdim edilməsi Azərbaycan tarixinin saxtalaşdırılmasının qarşısını almağa xidmət etməlidir. Prezident alimlərə çağırış etdi ki, Azərbaycan tarixi ilə bağlı daha çox elmi əsər, xəritə, sərgi və təqdimatlar hazırlasınlar. Azərbaycan dilinin saflığı məsələsinə toxunaraq bildirdi ki, dil millətin əsas kimlik rəmzidir. Prezident çıxışını Zəfər bayramının beşinci ildönümü münasibətilə yekunlaşdıraraq bildirdi ki, bir neçə gün sonra Azadlıq Meydanında keçiriləcək hərbi parad Azərbaycan xalqının qürur və birliyinin simvolu olacaq. O qeyd etdi ki, Azərbaycan xalqı bu şanlı Qələbə ilə əbədi fəxr edəcək, bu Zəfər dövlətin gücünü, ordunun qüdrətini və xalqın birliyini əks etdirir."

Xəbər lenti

Xəbər lenti