Bakı. Trend:
Azərbaycan Respublikasında əhalinin ixtisaslaşdırılmış oftalmoloji xidmətlə təmin edilməsi, göz patologiyası ilə mübarizədə elmi-metodik cəhətdən əsaslandırılmış tədbirlərin işlənilməsi, tətbiqi və gücləndirilməsi, respublikada ixtisaslaşdırılmış oftalmoloji yardımın təşkili məqsədilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 9,0 milyon manat vəsait ayrılacaq.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Qeyd edək ki, 2026-cı il üçün səhiyyə xərcləri 2024,3 milyon manat olmaqla 2025-ci illə müqayisədə 30,7 milyon manat və ya 1,5 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 195,5 milyon manat və ya 10,7 faiz çoxdur.