Bakı. Trend:
Qazaxıstanın şimalında, Kostanay vilayətinin Arqalıq şəhərində yerləşən kafedə keçirilən banketdə kütləvi zəhərlənmə olub. Azı 86 nəfər xəstəxanaya yerləşdirilib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bölgənin sanitariya-epidemioloji nəzarət departamentinin sədr müavini Gülim Dosumova jurnalistlərə verdiyi açıqlamada kütləvi zəhərlənməyə salmonellyozun səbəb olduğunu bildirib.
Onun sözlərinə görə, kafenin əməkdaşları müayinə olunub və onlardan ikisində xəstələrdə aşkarlanan törədici ilə eyni növ Salmonella Enteritidis müəyyən edilib.
“Əldə olunan ilkin nəticələrə əsasən demək olar ki, infeksiyanın ehtimal olunan mənbəyi elə bu bakteriyanın aşkarlandığı kafe işçiləri olub. Onlar xəstə deyildilər və tibbi yardıma müraciət etməmişdilər. Tibb sahəsində bu hal ‘sağlam daşıyıcılıq’ adlanır”, - deyə Dosumova qeyd edib.
o əlavə edib ki, hadisədən sonra “Jayna” kafesinin fəaliyyəti dayandırılıb, işçilər isə vəzifələrindən kənarlaşdırılıb.
