Bakı. Trend:
Hesablama Palatası tərəfindən Milli Məclisdən daxil olmuş 2026-cı il dövlət büdcəsi layihəsinə dair rəy hazırlanıb. Rəyin hazırlanması prosesində müvafiq dövlət orqanları ilə müzakirələr aparılaraq büdcə zərfində düzəlişlər edilib. Bununla yanaşı, qanun layihəsinin bəzi maddələri üzrə təkmilləşdirmələrin aparılmasının zəruri olduğu qənaətinə gəlinib.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
Onun sözlərinə görə, qanun layihəsinin 7-ci maddəsində əks etdirilən dövlət büdcəsi xərclərinin funksional təsnifatının təhlili nəticəsində uçotda bəzi uyğunsuzluqlar müəyyən olunub.
“Hesablamalarımıza əsasən, bu uyğunsuzluğun məbləği 150 milyon manatdan çoxdur. Hesab edirik ki, bu uyğunsuzluqların bir qismi büdcə təsdiq edilənədək dövlət büdcəsində nəzərə alınacaq”, – deyə Vüqar Gülməmmədov qeyd edib.
O, həmçinin vurğulayıb ki, qanun layihəsinin 15-ci maddəsində göstərilmiş icmal büdcənin xərclərinin yuxarı həddi ilə bağlı hesablamalarımız uyğunsuzluqların olduğunu göstərir: “Belə ki, icmal büdcənin tərkibindəki bəzi qrupdaxili əməliyyatlar icmal büdcədə nəzərə alınmalı qənaətinə gəlmişik”.
                            