Bakı. Trend:
Halle Tibb Universitetinin alimləri müəyyən ediblər ki, böyük depressiv pozuntu və şizofreniyadan əziyyət çəkən insanlarda onurğa beyni mayesindəki sinaptik “SNAP-25” zülalının səviyyəsi sağlam insanlara nisbətən xeyli aşağıdır.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Tədqiqatın nəticələri “BMJ Mental Health” jurnalında dərc olunub. “SNAP-25” zülalı sinir hüceyrələri arasında xəbərçi maddələrin ötürülməsində iştirak edir və iki neyron arasındakı təmas nöqtəsi olan sinapsların normal fəaliyyətini təmin edir. Alimlərin sözlərinə görə, “SNAP-25”-in tənzimlənməsindəki pozuntular psixi xəstəliklərin inkişafına səbəb olan amil kimi çıxış edə bilər.
Tədqiqatda 202 nəfər iştirak edib. Onlardan 99 nəfəri böyük depressiv pozuntu, 50-si şizofreniya, 24-ü bipolyar pozuntu diaqnozu almış xəstələr, 29 nəfəri isə sağlam könüllülər olub.
Depressiya və şizofreniyadan əziyyət çəkən xəstələrin onurğa beyni mayesində "SNAP-25" səviyyəsi xeyli aşağı olub. Bu fərqlər antidepresantların qəbulu və simptomların ağırlıq dərəcəsindən asılı olmayaraq müşahidə edilib. Bipolyar pozuntusu olan insanlarda göstəricilər nəzarət qrupundan fərqlənməyib.
