Bakı.Trend:
2026-cı ilin dövlət büdcəsindən kənd təsərrüfatı, mənzil və kommunal təsərrüfatı və ətraf mühitin mühafizəsi xərclərinə cəmi 1976,8 milyon manat məbləğində vəsait ayrılacaqdır.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Qeyd edilib ki, 2026-cı ilin dövlət büdcəsində kənd təsərrüfatı bölməsinə aid olan xərclər üzrə 1222,1milyon manat məbləğində vəsait nəzərdə tutulmuşdur ki, bu da 2025-ci illə müqayisədə 18,3 milyon manat və ya 1,5 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 126,4 milyon manat və ya 11,5 faiz çoxdur.
"Həmin vəsaitin 490,0 milyon manatı Azərbaycan Respublikası ərazisində mövcud olan su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsi, fermerlərin suvarma suyu ilə təchizatının və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı ilə bağlı yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, suvarma sahələrinin genişləndirilməsi, suvarma subartezian quyularının saxlanılması və digər meliorasiya tədbirlərinin maliyyə təminatına yönəldiləcəkdir".
