Bakı. Trend:
Gələn ilin proqnozlaşdırılan dövlət büdcəsi üzrə kəsirin həcmi 3,095 milyard manat, dövlət borcuna xidmət xərcləri isə 2,458 milyard manat məbləğində müəyyən edilib. Əvvəlki illərin proqnoz göstəriciləri ilə müqayisədə 2025 və 2026-cı illərdə bu iki göstəricinin bir-birinə kəskin şəkildə yaxınlaşması diqqəti cəlb edən məqamlardandır.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksini tapıb.
Bildirilib ki, bu tendensiya büdcə kəsirinin demək olar ki, böyük hissəsinin borca xidmət xərclərinin maliyyələşdirilməsinə yönələn “məcburi yük” səviyyəsinə yaxınlaşmasına səbəb olur ki, bu əlavə risklər formalaşdırır.
Əlavə edilib ki, 2026-cı il dövlət büdcəsinin layihəsində büdcə xərclərinin funksional təsnifatında dövlət borcuna xidmət xərcləri “Ümumi dövlət xidmətləri” bölməsi üzrə xərclərin 44,6%-ni təşkil edib.
                            