Bakı. Trend:
Sudanın Şimal Darfur əyalətinin inzibati mərkəzi olan Əl-Fəşer şəhərində humanitar vəziyyət “Çevik Reaksiya Qüvvələri” (ÇRQ) hərəkatının şəhəri ələ keçirməsindən sonra hər gün daha da pisləşir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, belə bir bəyanatla BMT-nin baş katibi Antoniu Quterreş çıxış edib.
“Artıq 18 aydan çoxdur ki, Əl-Fəşer və Şimal Darfurun ətraf əraziləri əzabların, aclığın, zorakılığın və kütləvi köçün mərkəzinə çevrilib. Ötən həftə ÇRQ Əl-Fəşerə daxil olandan bəri vəziyyət hər gün ağırlaşır”,- deyə o, Dohada keçirilən BMT-nin sosial inkişaf sammiti çərçivəsində jurnalistlərə bildirib.
“Yüz minlərlə dinc sakin tələyə düşüb. İnsanlar qidalanma çatışmazlığından, xəstəliklərdən və zorakılıqdan həyatını itirir”,- deyə BMT baş katibi əlavə edib.
Quterreş zorakılığın və döyüş əməliyyatlarının dərhal dayandırılmasına, münaqişə bölgələrinə humanitar yardımın maneəsiz çatdırılmasına, eləcə də Sudana “silah və döyüşçü axınının” qarşısının alınmasına çağırıb.
                            