Bakı. Trend:
Cənubi Koreya öz nüvə silahını yaratmaq niyyətində deyil.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu respublikanın müdafiə naziri An Qyu Bek bildirib.
Nazir noyabrın 4-də Pentaqon rəhbəri Pit Hegsetlə danışıqlar aparıb. Görüş Seulda baş tutub, daha sonra rəsmilər birgə mətbuat konfransı keçiriblər. Tədbir zamanı An Qyu Bek vurğulayıb ki, Cənubi Koreya nüvə silahının yayılmamasına dair Müqaviləyə qoşulmuş ölkələrdən biridir.
“Ona görə də biz nüvə silahı hazırlamayacağıq”, - deyə o qeyd edib.
Nazir bildirib ki, Seul Vaşinqtonla əməkdaşlığa və onun nüvə imkanlarının Cənubi Koreya silah sistemlərinə inteqrasiyasına əsaslanmağı planlaşdırır. Öz növbəsində Heqset ABŞ-ın atom sualtı qayıqların inşası məsələsində Cənubi Koreya ilə sıx əməkdaşlıq edəcəyini vəd edib.
