Bakı. Trend:
Növbəti il üzrə təhsil xərclərinə 5015,9 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2025- ci illə müqayisədə 78,6 milyon manat və ya 1,6 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 625,8 milyon manat və ya 14,3 faiz çoxdur.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Qeyd edilib ki, həmin xərclərin ÜDM-də xüsusi çəkisi 3,7 faiz, dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi isə 12,0 faiz (2025-ci illə müqayisədə 0,1 faiz-bənd çox) təşkil edəcəkdir:
"2022-ci illə müqayisədə 2026-cı ildə təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,5 faiz-bənd, mütləq ifadədə isə 1319,4 milyon manat və ya 35,7 faiz artıb. Bu xərc bölməsi üzrə proqnozlaşdırılan vəsaitin 2414,8 milyon manatı və ya 48,1 faizi ümumi təhsil xərclərinə, 796,1 milyon manatı və ya 15,9 faizi ali təhsil və dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsinə, 468,2 milyon manatı və ya 9,3 faizi məktəbəqədər təhsil xərclərinə, 94,2 milyon manatı və ya 1,9 faizi orta ixtisas təhsili xərclərinə, 105,5 milyon manatı və ya 2,1 faizi peşə təhsili xərclərinə, 97,1 milyon manatı və ya 1,9 faizi məktəbdənkənar təhsil müəssisələrinin (idman məktəbləri və s.) xərclərinə, 28,2 milyon manatı və ya 0,6 faizi əlavə təhsil və tətbiqi tədqiqatlara, 1011,8 milyon manatı və ya 20,2 faizi təhsil sahəsində digər müəssisə və tədbirlərlə bağlı xərclər üçün nəzərdə tutulub. 2025-ci illə müqayisədə ümumi təhsil xərcləri 67,3 milyon manat və ya 2,9 faiz, məktəbəqədər təhsil xərcləri 0,7 milyon manat və ya 0,2 faiz, peşə təhsili xərcləri 23,2 milyon manat və ya 28,3 faiz artımla proqnozlaşdırılıb".