Bakı. Trend:
Azərbaycanda qeyri-neft-qaz gəlirlərinin hesablanması qaydaları təkmilləşdirilməlidir.
Trend xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O vurğulayıb ki, qeyri-neft gəlirlərinin proqnozlaşdırılmış məbləği büdcə qaydasının müvafiq göstəricilərinin hesablanmasında, həmçinin büdcə xərclərinin dayanıqlı gəlir mənbələri ilə təminatının müəyyən edilməsində istifadə olunur.
"Müsbət haldır ki, ilk dəfə olaraq, izahat sənədində cari xərclərin qeyri-neft-qaz gəlirləri ilə təminatı üzrə ortamüddətli proqnozlar təqdim edilib. Bununla belə, hesab edirik ki, qeyri-neft gəlirlərinin hesablanması zamanı beynəlxalq təcrübədə tətbiq edilən metodoloji tələblər nəzərə alınmalı, "Büdcə sistemi haqqında" qanunda da bu istiqamətdə dəqiqləşdirmələr aparılmalıdır", - deyə V. Gülməmmədov qeyd edib.
                                    