Bakı. Trend:
Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev UNESCO-nun dekabrın 15-i Dünya Türk Dilləri Ailəsi Günü elan etməsini alqışlayıb.
Trend xəbər verir ki, bu barədə müvafiq qərar Təşkilatın noyabrın 3-də Səmərqənddə keçirilən 43-cü Baş Konfransında qəbul olunub.
“UNESCO-nun 3 noyabr 2025-ci il tarixində Səmərqənddə keçirilmiş 43-cü Ümumi Konfransı zamanı 15 dekabr gününü Dünya Türk Dili Ailəsi Günü kimi elan etməsi ilə bağlı tarixi qərarını məmnunluqla qarşılayıram”,- deyə Ömüraliyev bildirib.
Onun sözlərinə görə, bu mühüm qərar, Türk dilinin qədim köklərini və ümumbəşəri dəyərlərini vurğulayır; Türk mədəniyyətinin birləşdirici rolu və zəngin tarixi irsi ilə bağlı dərin əlaqələrini əks etdirir.
Ömüraliyev bildirib ki, Mədəni və dil müxtəlifliyinin qorunmasına həsr olunmuş ən aparıcı institut olan UNESCO çərçivəsində bu günün elan edilməsi, eyni zamanda Türk Dünyasının yüksələn kimliyinin, dəyərlərinin və bu günkü qlobal səhnədə artan rolunun da təsdiqidir.
“Bu mənalı təşəbbüsə töhfə verən bütün Üzv Dövlətlərimizi və müşahidəçilərimizi səmimi qəlbdən təbrik edirik.Türk Dövlətləri Təşkilatı olaraq, ortaq tarixi və mədəni irsimizin tanıdılması, Türk xalqları arasında birliyin gücləndirilməsi və ortaq baxışımızın irəlilədilməsi istiqamətində qərarlılığımızı davam etdiririk”,- deyə Ömüraliyev sonda bildirib.
                            