Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında ümumi daxili məhsul (ÜDM)
95,229 milyard manata bərabər
olub, ilin sonuna gözlənilən məbləğin 73,3%-i hesabat dövründə
formalaşıb.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksini tapıb.
Sənədə əsasən, bu dövr ərzində tamamilə qeyri neft-qaz sahələri hesabına olmaqla, iqtisadiyyat real ifadədə 1,3% artıb. Bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artım tempi 3,4 faiz bəndi azalmış, artım tempinin zəifləməsində hər iki sektorun rolu olsa da, bu hal daha çox qeyri neft-qaz sahələrindən təsirlənib.
Məlumata görə, 2025-ci il üzrə ölkənin ümumi daxili məhsulu (ÜDM) ötən illə müqayisədə 3% artaraq, 129,9 milyard manata yüksələcəyi gözlənilir. Bu artımın neft-qaz sektoru üzrə 36,4 milyard manat (0,2% az), qeyri-neft-qaz sektoru üzrə isə 93,5 milyard manat (4,6% çox) artımı hesabına reallaşacağı gözlənilir.
“2025-ci ilin təsdiq olunmuş makroçərçivəsi, o cümlədən ÜDM
neftin qiyməti 70,0 ABŞ dolları
qəbul edilməklə proqnozlaşdırılıb, neftin faktiki qiymətinin
proqnoz qiyməti ətrafında hərəkət etməsi büdcəyə, eləcə də
makroiqtisadi proqnozlara yenidən baxılma zərurəti yaratmayıb.
2026-cı ilin büdcə layihəsi tərtib edilərkən cari ilin
makrogöstəriciləri dəqiqləşdirilməklə il sonuna gözlənilən ÜDM
məbləği tamamilə qeyri neft-qaz sektoru hesabına olmaqla 0,7
milyard manat artırılıb.
Neft-qaz sektoru üzrə dəqiqləşdirilmiş məbləğdə 0,6 milyard manat
azalma müşahidə edilir ki, bu da müvafiq sektor üzrə real artım
tempinin azalma ilə əvəzlənməsi ilə izah olunur.
Qeyri neft-qaz sektoru üzrə gözlənilən artım tempinin nisbətən
azaldılması bu sektor üzrə
gözlənilən məbləğdəki artımın qiymət amili ilə bağlı olduğunu
göstərir. Təhlillər cari ilin sonunda qeyri-neft-qaz ÜDM-nin
proqnozlaşdırılan məbləğ ətrafında olacağını deməyə əsas verir”, -
məlumatda qeyd edilib.
