Bakı. Trend:
Gələn il dövlət büdcəsindən subsidiyalar üzrə 32 Baş Kredit sərəncamçısı və digər tədbirlər üzrə 1,071 milyard manat vəsaitin ayrılması proqnozlaşdırılmışdır ki, bu da 2025-ci ilin gözlənilən icrası ilə müqayisədə 15 Baş Kredit sərəncamçısı və digər tədbir, eləcə də 226,8 milyon manat (17,5%) azdır.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksini tapıb.
Sənədə əsasən, növbəti ildə hüquqi şəxslərə subsidiyaların iki paraqrafı (qeyri-dövlət müəssisələrinə və hüquqi şəxslərə digər subsidiyalar) üzrə azalma, bir paraqrafı üzrə artım (dövlət müəssiələrinə subsidiyalar) nəzərdə tutulub. Hüquqi şəxslərə digər subsidiyaların, cari ildə olduğu kimi, subsidiyaların cəmi məbləğində ən yüksək paya (53,0%) malik olacağı proqnozlaşdırılıb.
“Dövlət müəssisələrinə dövlət büdcəsindən ödənişlərin xəzinənin müşayiəti ilə aparılması səbəbi ilə uçotda edilmiş dəyişiklik, eləcə də bəzi istiqamətlər üzrə bu paraqrafda nəzərdə tutulan vəsaitdə azalma (məsələn, xərclərin optimallaşdırması fonunda “Azəristiliktəchizat” ASC üzrə 11,4 milyon manat, “Təmiz Şəhər” ASC üzrə 8,1 milyon manat), dövlət müəssisələrinə subsidiyalara azaldıcı təsir göstərsə də, növbəti ildən yeni yaradılmış “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu üzrə bu paraqrafda 155 milyon manatın nəzərdə tutulması, eləcə də bir sıra digər istiqamətlər üzrə subsidiya məbləğinin artımla proqnozlaşdırılması bu paraqraf üzrə vəsaitin artımla nəzərdə tutulmasını şərtləndirib”, - məlumatda vurğulanıb.
                            