Bakı. Trend:
Gələn il dövlət büdcəsi gəlirlərinin artımının vergi daxilolmaları hesabına təmin ediləcəyi nəzərdə tutulub. Belə ki, növbəti ilin dövlət büdcəsində vergi gəlirləri 21,391 milyard manat təşkil etməklə əvvəlki ilin icra göstəricisi və cari ilin proqnozu ilə müqayisədə müvafiq olaraq 1,230 milyard manat və ya 6,1% və 1,744 milyard manat və ya 8,9% çox proqnozlaşdırılır.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksini tapıb.
Sənədə əsasən, 2026-cı ilin dövlət büdcəsində vergi gəlirlərinin ümumi gəlirlərdə payı 2024-cü ilin icra və cari ilin proqnoz göstəriciləri ilə müqayisədə müvafiq olaraq 1,1 və 4,2 faiz bəndi çox olmaqla 55,4%-ə bərabər olacaq.
Bildirilib ki, vergi gəlirləri üzrə artıma əsasən ƏDV, hüquqi şəxslərin mənfəət vergisi və fiziki şəxslərin gəlir vergisi üzrə artımların təsir edəcəyi gözlənilir.
“Növbəti ilin büdcəsində qeyri-vergi gəlirlərinin 17,218 milyard manat olacağı proqnozlaşdırılır ki,
bu da əvvəlki ilin icra göstəricisi ilə müqayisədə 217,1 milyon manat və ya 1,3% çox, cari ilin proqnozu ilə müqayisədə isə 1,491 milyard manat və ya 8,0% azdır. 2026-cı ildə qeyri-vergi gəlirlərinin dövlət büdcəsinin ümumi gəlirlərində payı 44,6% təşkil edəcək ki, bu da 2024-cü ilin icrasından 1,1 faiz bəndi, cari ilin proqnozundan isə 4,2 faiz bəndi aşağıdır. Qeyri-vergi gəlirləri üzrə azalma əsasən Dövlət Neft Fondundan transfert məbləğinin azalması ilə əlaqəlidir”, - məlumatda qeyd edilib.
                            