Bakı. Trend:
Azərbaycanın maraqlarının beynəlxalq hüquq çərçivəsində qorunması, beynəlxalq məhkəmələrdə təmsil edilməsi və həmin məhkəmənin qərarlarının icrası ilə bağlı xərclərin maliyyə təminatı üçün 39 900 000 manat vəsait nəzərdə tutulur.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, 2026-cı ilin dövlət büdcəsinin layihəsində beynəlxalq münasibətlər (o cümlədən, beynəlxalq və regional təşkilatlara üzvlük haqqı və maliyyə institutlarının (maliyyə-kredit təşkilatlarının) səhm kapitalında iştirakı, Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarının saxlanılması, beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlər, beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər), xarici yardımlar və Azərbaycanın xaricdəki ticarət nümayəndələrinin saxlanılması ilə bağlı xərclər üzrə 549 500 000 manat məbləğində vəsait proqnozlaşdırılır.
Bu da 2025-ci illə müqayisədə 14 200 000 manat və ya 2,7 % çoxdur.
Bu xərclərin 215 000 000 manatı Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarının saxlanılması xərclərinə (2025-ci illə müqayisədə 10 000 000 manat və ya 4,9 % çox), 23 500 000 manatı beynəlxalq və regional təşkilatlara üzvlük haqqı ilə bağlı xərclərə, 38 000 000 manatı beynəlxalq və regional maliyyə institutlarının (maliyyə-kredit təşkilatlarının) səhm kapitalında iştirakı ilə bağlı xərclərə, 7 000 000 manatı beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlərlə bağlı xərclərə, 239 000 000 manatı beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclərə, 19 000 000 manatı xarici yardımlar üzrə xərclərə, 8 000 000 manat isə Azərbaycanın xaricdəki ticarət nümayəndələrinin saxlanılması üzrə xərclərə yönəldiləcək.
                            