Bakı. Trend:
Maliyyə Nazirliyi tərəfindən təqdim edilmiş məlumatlara əsasən, 2025-ci il 1 sentyabr tarixinə dövlət borcunun ümumi həcmi 25,417 milyard manat təşkil edib, ilin sonuna dair proqnoz göstəricisinə görə isə bu rəqəmin 25,404 milyard manat səviyyəsində formalaşacağı gözlənilir.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksini tapıb.
Sənədə əsasən, dövlət borcuna xidmət xərclərinin icra dinamikasına nəzər saldıqda, hesabat dövrü (yanvar–avqust) üzrə icra səviyyəsi 55,2% olub. Həmin dövrdə əsas borc üzrə ödənişlər 643,2 milyon manat məbləğində həyata keçirilib, bu da illik proqnozun 58,5%-nə bərabərdir. İlin sonuna qədər əlavə 455,9 milyon manat və ya illik proqnozun 41,5%-i həcmində əsas borc ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulub.
Vurğulanıb ki, nəticə etibarilə, 2025-ci ilin sonuna qədər təxminən 442,8 mln. manat məbləğində yeni borclanmanın həyata keçirilməsi proqnozlaşdırılır. Daxili borclanma üzrə diskont məbləğləri nəzərə alındıqda, maksimum halda 500 milyon manat həcmində yeni borc emissiyasının reallaşdırılması ehtimal olunur.
“Əvvəlki illərin icra tendensiyaları göstərir ki, dövlət büdcəsində kəsir əsasən son rübdə formalaşır və bu kontekstdə 2026-cı ildə yeni daxili borclanmaya tələbatın da məhz həmin dövrdə yaranacağı gözlənilir. Bu halda, cəlb ediləcək yeni daxili borclar üzrə ilkin kupon ödənişlərinin 2027-ci ilə təsadüf edəcəyi proqnozlaşdırılır”, - məlumatda qeyd edilib.
                            