Bakı. Trend:
Bizim büdcə daxilolmalarımız əsasən əlavə dəyər vergisindən (ƏDV) formalaşır.
Trend xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri çıxışında 2026-cı il yanvarın 1-dən elektrik mühərrikli avtomobillərin ƏDV-yə cəlb olunacağı məsələsindən də bəhs edib.
“2025-ci ilin 10 ayı ərzində ölkəyə 1 760 elektromobil idxal olunub. Bu, çox az rəqəmdir. Çünki 2024-cü ildə bu rəqəm 3 027 ilub. Bu onun göztəricisidir ki, elektromobillərə cəmiyyətdə insanların marağı yoxdur. Daha çox daxili yanma mühərriki ilə təchiz olunmuş avtomobillər idxal olunub. ƏDV-də güzəşt ləğv olunsa da belə, bu artıq 5 il müddətində tətbiq olunurdu. Amma burada yeni rüsumlardan azad olmalar yoxdur. Əksinə daxili yanma mühərriki ilə olan maşınların rüsum hədləri getdikcə artır. ƏDV-nin tətbiqi yerli elektrik avtomobil istehsalına bu və ya digər formada müsbət təsir edəcək”, - deyə Ş.Bağırov vurğulayıb.
