Bakı. Trend:
Gələn il neft-qaz sektoru üzrə gəlirlərin 16,435 milyard manat olmaqla, cari ilə nisbətən 1,876 milyard manat azalacağı və bu gəlirlərin dövlət büdcəsi gəlirlərində payının 42,6%-ə enəcəyi nəzərdə tutulur (2025-ci ildə müvafiq göstərici 47,7%).
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksini tapıb.
Bildirilib ki, dövlət büdcəsi gəlirlərinin artımının nisbətən kiçik olması neft gəlirlərinin azalması ilə izah oluna bilər. Sənədə əsasən, neft gəlirlərində əhəmiyyətli azalma əsasən Dövlət Neft Fondundan (DNF) transfet ilə əlaqəlidir.
“DNF-in 2024-2025-ci illər üzrə büdcələrinin təhlili dövlət büdcəsinə transfertin təkcə neft-qaz gəlirlərindən deyil, eyni zamanda DNF-in valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlərdən də formalaşdığını göstərib. Belə ki, aktivlərin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər istisna olmaqla, DNF-in gəlirləri 2024-cü ildə 12,244 milyard manat olub, 2025-ci il üzrə 10,990 milyard manat olacağı proqnozlaşdırılıb. Bu göstəricilərə qarşı DNF-dən dövlət büdcəsinə transfert məbləği isə 2024-cü ildə 12,781 milyard manat olub, 2025-ci il üzrə 14,481 milyard manat olacağı nəzərdə tutulub”, - məlumatda qeyd edilib.
                            