Bakı. Trend:
Böyük Britaniyanın ən zəngin vətəndaşı hesab olunan biznesmen Qopiçand Hinduca 85 yaşında vəfat edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Onun ölüm səbəbi barədə hələ ki, rəsmi məlumat yoxdur.
Hinduca və böyük qardaşı Sriçand Londona 1980-ci illərdə köçüb. “GP” təxəllüsü ilə tanınan Hinduca, 1959-cu ildə ailə biznesinə qoşularaq, XX əsrin əvvəllərində Hindistan və İranda əsası qoyulmuş kiçik ticarət müəssisəsini böyük bir holdinqə çevirməkdə mühüm rol oynayıb.
Ailənin nüfuzu ötən il sınağa çəkilmişdi - 14 milyard dollara yaxın aktivləri olan “Hinduja” Qrupunun Avropadakı rəhbəri , qardaşı Prakaş da daxil olmaqla ailənin dörd üzvü, ev işçilərinə qarşı əmək istismarında ittiham olunaraq Cenevrə məhkəməsi tərəfindən təqsirli biliniblər.
