...

“5-ci kolon” kimi xarakterizə edilən qüvvələr ictimai-siyasi gündəmdən tədricən uzaqlaşır - Deputat

Cəmiyyət Materials 4 Noyabr 2025 18:13 (UTC +04:00)
“5-ci kolon” kimi xarakterizə edilən qüvvələr ictimai-siyasi gündəmdən tədricən uzaqlaşır - Deputat
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Son illərdə Azərbaycanın siyasi palitrasında dəyişiklik meylləri daha qabarıq şəkildə hiss olunur. Cəmiyyətin ictimai-siyasi gözləntiləri, dövlət idarəçiliyində yeni yanaşmalar və regional geosiyasi proseslər siyasi aktorların fəaliyyətinə birbaşa təsir göstərir. Bu kontekstdə uzun illər müxalif spektrin əsas dayaqlarından hesab olunan AXCP, Müsavat Partiyası və bəzi siyasi dairələrin “5-ci kolon” kimi xarakterizə edilən qüvvələri ictimai-siyasi gündəmdən tədricən uzaqlaşmaqdadır. Bu proses yalnız konkret siyasi təşkilatların zəifləməsi ilə deyil, həm də seçicilərin yeni siyasi yanaşma və alternativlərə olan tələbatının artması ilə əlaqələndirilir. Hadisələrin inkişafı Azərbaycanın siyasi səhnəsinin yenidən formalaşması və yeni güc balansının yaranması baxımından diqqət çəkir.

Mövzuyla bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, hələ 2020-ci ildə VI çağırış Milli Məclisin ilk iclasındakı tarixi çıxışında möhtərəm Prezident bəyan etmişdi ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirməyə ehtiyac var.

"Dövlət başçısının bu tezisləri rəhbər tutularaq həm VI çağırış, həm də VII çağırış Milli Məclisdə müxalifətə istər Parlamentin sədarətində, istərsə də komitə və komissiyaların rəhbərliyində yer verildi və bu da siyasi sistemin sağlamlaşdırılması və milli siyasi həmrəyliyin təmin edilməsi istiqamətində mühüm bir mərhələ rolunu oynamağa başladı. Təsadüfi deyil ki, Vətən müharibəsi və antiterror tədbirlərində anti-Azərbaycan mövqeyin daşıyıcısı olan marginal dairələri çıxmaq şərtilə bütün siyasi partiyalar ümummilli məqsədlər ətrafında sıx birləşərək milli həmrəyliyə öz töhfələrini verdilər".

Deputat qeyd edib ki, Bir zamanlar Mixail Qorbaçovun yenidənqurma siyasəti çərçivəsində "demokratiya və aşkarlıq" siyasətinin "bariz nümunəsi kimi" formalaşan və 30 ildə isə birmənalı şəkildə ayrı-ayrı güclərin marioneti kimi çıxış edən Xalq Cəbhəsi və sonrakı periodda təqribən eyni dəyərli bölüşən Müsavat isə bir qayda olaraq antimilli mövqeyini qorumağa, Azərbaycan dövləti və xalqının mənafelərini yox, tezisləri aldığı dairələrin direktivlərini müdafiə etməyə üstünlük verdilər:

"Əlbəttə, Azərbaycan xalqı bu reallığı görür və nəticə etibarilə artıq onillərdir ki, siyasi hakimiyyətin heç bir qolunda bir zamanlar Azərbaycan ərazilərinin qurban verilməsi və yaranan situasiyada çevriliş yolu ilə hakimiyyəti zəbt etmiş və yenidən Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur torpaqları hesabına hakimiyyətdə qalmağa cəhd edən AXCP-Müsavat ünsürlərinə etimad göstərilmir".

B.Məhərrəmov vurğulayıb ki, ötən dövr ərzində cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda ictimai-siyasi sabitliyə tam şəkildə nail olunması, siyasi müstəqilliyin möhkəmləndirilməsi, iqtisadi müstəqilliyin birmənalı bərqərar olunması, habelə ölkədə milli qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində vətəndaş cəmiyyəti institutlarının və siyasi partiyaların fəaliyyətində şəffaflığı təmin edən siyasi situasiyaya nail olunması fonunda xalqın da tam dəstəyini itirən bu marginal qruplaşma hərəkət imkanlarından məhrum olduğu üçün artıq bir zamanlar onlara tezis və direktivlər etibar edən qüvvələrin də dəstəyindən məhrum olmağa başlayıblar.

"Dövlət başçımızın 2020-ci il mart ayının 10-da Parlamentin tribunasından ifadə etdiyi kimi, "həmin xarici dairələrin burada özünü müxalifət adlandıran və tamamilə rüsvayçı halda guya fəaliyyətini davam etdirən qruplaşmalardan əlləri üzülüb, onlara heç bir inam qalmayıb".

Deputatın qeyd edib ki, təsadüfi deyil ki, artıq anti-Azərbaycan dairələr 5-ci kolon obrazını xaricdə axtarmağa və bu istiqamətdə "mühacirlər"dən ibarət yeni söyüş müxalifəti qruplaşmasının təsis edilməsinə start veriblər.

"Hər bir dövlətdə siyasi müxalifətin mövcudluğu insan və vətəndaş hüquq və azadlıqlarının təmini, o cümlədən dövlət idarəçiliyində şəffaf və etibarlı formatın təşəkkülü üçün mühüm rola malikdir. Bu mənada, dünya təcrübəsində siyasi səhnədə, o cümlədən seçkilərdə və digər siyasi proseslərdə uğur qazana bilməyən qüvvələr bir qayda olaraq könüllü şəkildə geri çəkilir, reallıqlarla barışırlar",deyə B.Məhərrəmov qeyd edib.

Deputat bildirib ki, 30 ildən artıq bir müddətdə davamlı məğlubiyyət, o cümlədən Azərbaycan xalqının gözündə birmənalı xəyanətkar imiclərinə baxmayaraq AXC-Müsavat ünsürləri bir qayda olaraq Azərbaycan xalqının iradəsinə yox, kənar dəstəkçilərin köməyinə bel bağlayaraq zorla siyasi səhnədə qalmağa çalışmış, cılız və populist problemlər hesabına gündəm yaratmağa, daxili siyasi sabitliyi, ictimai qaydanı pozan faəliyyətlərə qurşanmağa üstünlük veriblər.

"Xüsusən AXCP qruplaşması bu istiqamətdə Azərbaycan dövlətinin maraq və mənafelərini hədəfə alan istənilən xarici dairə ilə əməkdaşlıqdan çəkinməmiş və bu gün də söyüş müxalifəti ilə eyni səhnəni bölüşməkdədir. Əlbəttə, Azərbaycan xalqı üçün bu "qüvvələr" artıq siyasi meyitdən başqa bir şey deyil və mövcudluqlarını formal olaraq davam etdirmələri onların statusunu Azərbaycan vətəndaşlarının gözündə hər hansı formada dəyişmir. Azərbaycanın Vətən müharibəsi və antiterror tədbirlərindən sonra yaratdığı yeni reallıqda dövlətin hər kəsə qucaq açması fonunda yaranan yeni situasiya əslində cəmiyyətdən təcrid olunmuş, milli xəyanət yolunu tutmuş bu dairələr üçün də bir şansdır ki, onlar yeni düzənə uyğunlaşsınlar".

B.Məhərrəmov əlavə edib ki, uyğunlaşmanın yeganə üsulu isə artıq faktiki olaraq Azərbaycan siyasi səhnəsində mövcud olmayan bu dairələrin reallıqla barışması, yarıtmaz fəaliyyətlərinə son qoyaraq özlərinə başqa iş axtarmaları ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti