Bakı. Trend:
Azərbaycanın strateji valyuta ehtiyatları 2025-ci ilin 10 ayında 16.2% artıb və dövrün sonuna 82.5 milyard ABŞ dolları təşkil edib.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, o cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları oktyabr ayının sonuna 11.4 milyard dollara bərabər olub:
"Strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını əhəmiyyətli üstələməkdə davam edir. Belə ki, strateji valyuta ehtiyatları 37 aylıq mal və xidmət idxalına kifayət edir.
2025-ci ildə pul siyasəti monetar şərait vasitəsilə inflyasiyanın hədəf daxilində saxlanılmasına yönəldilmişdir. Rəsmi məlumata görə 2025-ci ilin sentyabrında 12 aylıq inflyasiya 5.7% olmuşdur".
                            