Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Milli Ödəniş Sisteminin (MÖS) əsas komponentləri vasitəsilə həyata keçirilən ödənişlərin həcmi 590.1 milyard manat (ÜDM-in 6.2 misli), ödənişlərin sayı isə 111.8 milyon ədəd olub.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O vurğulayıb ki, ödəniş sistemlərinin sabit və etibarlı fəaliyyətinin təmin edilməsi Mərkəzi Bankın fəaliyyətinin prioritet istiqamətlərindən biri olub.
"2025-ci ilin 9 ayı ərzində ödəniş kartları ilə ölkə daxilində aparılmış nağdsız əməliyyatların həcmi 29.1% artaraq 72.2 milyard manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə elektron ticarət vasitəsilə aparılan əməliyyatların sayı 48.5%, həcmi isə 34.2% artıb", - deyə T. Kazımov qeyd edib.
                            