Bakı. Trend:
Gələn ilin dövlət büdcəsi gəlirlərinin 38,609 milyard manat olacağı proqnozlaşdırılır ki, bu da cari ilin göstəricisindən 253 milyon manat və ya 0,7% çoxdur.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksini tapıb.
Sənədə əsasən, Dövlət Neft Fondundan (DNF) transfertlərin cari ilə nisbətən az nəzərdə tutulması büdcə gəlirlərinə azaldıcı təsir göstərsə də, bu təsirin əlavə dəyər vergisi, fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisi və büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların artması ilə kompensasiya olunacağı proqnozlaşdırılır.
Vurğulanıb ki, Dövlət Neft Fondundan transfert cari ilin proqnozu ilə müqayisədə 1,646 milyard manat və ya 11,4% azalmaqla 12,835 milyard manat nəzərdə tutulur ki, bu hal dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılması baxımından müsbət qiymətləndirilməlidir.
Eyni zamanda qeyd edilib ki, növbəti ildə dolayı vergi hesab edilən əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmaların 9 milyard manatlıq həddi aşaraq 9,216 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Bildirilib ki, bu göstərici ilə ƏDV-nin dövlət büdcəsinin cəmi gəlirlərində Dövlət Neft Fondundan transfertlərdən sonra 23,9%-lik payla ən böyük daxilolma mənbəyi olacağı nəzərdə tutulur.
                            