Bakı. Trend:
2026-ci ilin dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərclərinə 3 343 600 000 manat vəsait yönəldiləcək.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, bu da 2025-ci illə müqayisədə 151 600 000 manat və ya 4,7 %, 2024-cü ilin icrası ilə müqayisədə isə 533 800 000 manat və ya 19,0 % çox təşkil edir.
Müdafiə və hüquq mühafizə orqanlarında şəxsi heyətin tam komplektləşdirilməsi, həmin orqanların maddi-texniki təminatının daha da yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərdə müdafiə, hüquq mühafizə orqanlarının müvafiq xidmətlərinin təşkili ilə bağlı tələb olunan vəsait 2026-cı ilin dövlət büdcəsində nəzərə alınıb.
2026-cı ilin dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri bölmələrindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 494 700 000 manat təşkil edəcək.
Bu da 2025-ci illə müqayisədə 102 800 000 manat və ya 26,2 % çoxdur.
Həmin vəsaitin 48 500 000 manatı və ya 9,8 %-i müdafiə və milli təhlükəsizlik xərclərinin (2025-ci illə müqayisədə 5 700 000 manat və ya 13,4 % çox), 446 200 000 manatı və ya 90,2 %-i isə məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərclərinin (2025-ci illə müqayisədə 96 800 000 manat və ya 27,7 % çox) payına düşür.
                            