Bakı. Trend:
Növbəti ilin icmal büdcəsinin xərclərində 299,1 milyon manatın iqtisadi təsnifat üzrə uçotunda uyğunsuzluq aşkarlanıb.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksini tapıb.
Bildirilib ki, icmal büdcə xərclərinin funksional və iqtisadi təsnifatı üzrə təqdim edilmiş əlavədə icmal
büdcədən çıxılmalı komponentə aid olan müvafiq büdcədənkənar dövlət fondlarına icbari ödənişlərə rast gəlinir.
“Belə ki, növbəti ilin icmal büdcəsində xərclərin funksional təsnifatının “Səhiyyə sahəsində digər xidmətlər” köməkçi bölməsində iqtisadi təsnifatın “Əməkhaqqına görə ayırmalar” köməkçi
bölməsində 303,1 milyon manat nəzərdə tutulub ki, bunun da yalnız 4 milyon manatı icbari dövlət
sığortası üzrədir. Digər məbləğlər isə “Məcburi dövlət sosial sığorta haqları” paraqrafı üzrə 268,6
milyon manat, “İcbari tibbi sığorta” paraqrafı üzrə 24,4 milyon manat, “İşsizlikdən sığorta” paraqrafı üzrə 6,1 milyon manatdan ibarətdir.
İcmal büdcənin hesablanması metodologiyasına görə isə bu 3 xərc paraqrafı icmal büdcə daxilində icmal büdcənin digər komponentləri olan büdcədənkənar dövlət fondlarına köçürüldüyü üçün yekun məbləğin hessablanması zamanı çıxılmalıdır. Qeyd olunanlar növbəti ilin icmal büdcəsinin xərclərində 299,1 milyon manatın iqtisadi təsnifat üzrə uçotunda uyğunsuzluq olduğunu deməyə əsas verir. Qeyd edək ki, funksional təsnifatın digər bölmələrində bu paraqraflara rast gəlinmir”, - məlumatda vurğulanıb.
                            