Bakı. Trend:
Dövlət sifarişi və subsidiyaların iqtisadi təsnifatın müxtəlif bölmələrində, o cümlədən əməyin ödənişi bölməsində nəzərdə tutulması müvafiq təşkilatların bəzi xərclərinin, o cümlədən əməkhaqqı ilə bağlı xərclərinin müdafiə olunan xərc maddələrinə daxil olmasına səbəb olur.
Trend xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, mövcud yanaşma dövlət sifarişi anlayışına yenidən baxılmasını, həmçinin bu mexanizmin təkmilləşdirilməsini, xüsusilə də sifarişlərin qiymətinin müəyyənləşdirilməsi mexanizmində təkmilləşmənin aparılmasını zəruri edir:
“Digər istiqamət olan subsidiyalarla bağlı təkliflərimizi əvvəlki illərdə də irəli sürmüşük. Hesab edirik ki, dövlət büdcəsindən subsidiyanın ayrılmasının aydın və nəzarət edilə biləcək qaydaları olmalıdır”.
                            