Bakı. Trend:
2026-cı il üçün vergi yükü ciddi şəkildə artırılmayıb.
Trend xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Növbəti ildə əməkhaqqı alan şəxslərin böyük bir qismini əhatə edən 2 500 manatadək olan gəlirə cəmi 3 faiz gəlir vergisi tətbiq ediləcək. Dünyada çox nadir ölkədə bu qədər aşağı faizdə gəlir vergisi mövcuddur. 2026-cı ildə 3, 2027-ci ildə 5, 2028-ci ildə 7 faizlə bu rəqəm fikslənəcək. Beləliklə, Azərbaycanda daimi gəlir vergisi 2 500 manatadək 7 faiz, 8 min manatadək 10 faiz, 8 min manatdan yuxarı üçün isə 14 faiz olaraq müəyyən ediləcək”, - deyə nazir bildirib.
                                    