Bakı. Trend:
Dövlət sifarişi və dövlət hesabına kadr hazırlığının maliyyələşdirilməsi üçün növbəti ilə proqnozlaşdırılan vəsaitin 41,8 milyon manatı güzəştli kateqoriyaya aid şəxslər üçün nəzərdə tutulub.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Bİldirilib ki, dövlət sifarişi və dövlət hesabına kadr hazırlığının maliyyələşdirilməsi üçün növbəti ilə proqnozlaşdırılan vəsaitin 41,8 milyon manatı güzəştli kateqoriyaya aid (keçmiş məcburi köçkün, valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş tələbələr, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş, əlil olmuş şəxslərin övladları olan tələbələr, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, şəhid ailəsinin üzvü olan, eləcə də peşə təhsili müəssisələrində 20 yaşına çatmamış və orqanizmin funksiyaları 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər) 18,5 min nəfər tələbənin müvafiq olaraq təhsil və təqaüd xərcləri üçün nəzərdə tutulub.
Əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını daha da artırmaq və ali təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə təhsil tələbə kreditinin verilməsi və təhsil sahəsində rəqabətli maliyyələşmə və idarəetmə mexanizmlərinin yaradılması və tətbiqi üçün növbəti ilin dövlət büdcəsində 15,0 milyon manat vəsait nəzərdə tutulub. Əvvəlki illərdə ayrılmış vəsaitlər də nəzərə alındıqda, ümumilikdə Təhsil Tələbə Kredit Fondunun resurs zərfi 141,0 milyon manat təşkil edəcəkdir.