Bakı. Trend:
Bu ilin ilk 9 ayı ərzində dövlət büdcəsinin kassa əsaslı vergi daxilolmalarının tərkibində artıq ödəmələrin həcminin artması müşahidə edilib. Belə ki, müvafiq dövrün sonuna ilin əvvəli ilə müqayisədə artıq ödəmələrin məbləği 290,2 milyon manat artıb.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksini tapıb.
Bildirilib ki, bu tendensiya ortamüddətli dövr üçün proqnozlaşdırılan vergi daxilolmalarının icrasına əlavə təzyiq yaradır, dövlət büdcəsinin gəlirlərinin dayanıqlılığına dair obyektiv qiymətləndirməni çətinləşdirir və planlaşdırma prosesində əlavə risklər formalaşdırır.
Eyni zamanda vurğulanıb ki, 2025-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə olan vergi borcları ilin əvvəli ilə müqayisədə 452,6 milyon manat və ya 14,3% artıb, borcun əsas hissəsi qeyri neft-qaz sektorunun payına düşüb. Bildirilib ki, vergi borcunun artımına həm verginin əsas məbləği, həm də maliyyə sanksiyası və faizlər təsir edib.
“Borc artımının 60,3%-i əsas məbləğə məxsus olduğu halda, 25,3%-i də faizlər hesabına təmin edilib. Dövrün sonuna olan borc məbləğinin 35,1%-nin maliyyə sanksiyası və faizlərdən ibarət olması bu istiqamətdə inzibatçılığın artırılmasını labüd edir”, - məlumatda vurğulanıb.
                            