Bakı. Trend:
2026-cı ildə qeyd ediləcək Bakı Türkoloji Qurultayının 100 illiyi ərəfəsində ümumi türk əlifbasının yaradılmasının tarixi, elmi, mədəni və hüquqi aspektlərini əhatə edən hərtərəfli işin aparılması mühüm əhəmiyyət kəsb edir.
Trend xəbər verir ki, bunu bu gün Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Bakıda keçirilən TDT Ağsaqqallar Şurasının 18-ci iclasında deyib.
O bildirib ki, Səmərqənddə keçirilən UNESCO-nun 43-cü Baş Konfransında türk dünyası üçün mühüm əhəmiyyət daşıyan qətnamə qəbul olunub ,belə ki,15 dekabr Dünya Türk Dilləri Ailəsi Günü elan edilib.
“Bu qərar vahid əlifbanın yaradılması istiqamətində gördüyümüz işlərin aktuallığını və əhəmiyyətini vurğulayır. 2026-cı il xüsusi tarixdir- Bakıda keçirilmiş birinci Türkoloji Qurultayın 100 illiyi. Biz ölkələrimizin müvafiq qurumları və qardaş TDT ilə birlikdə ümumi əlifba mövzusunun tarixi, elmi, mədəni və hüquqi aspektlərini əhatə edən tədbirlər kompleksini həyata keçirməliyik”, - deyə B.Yıldırım qeyd edib.
Onun sözlərinə görə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə türk dövlətlərinin tarixinin öyrənilməsi və bu sahədəki əsərlərin tərcüməsi üzrə genişmiqyaslı proqram həyata keçirilir. Bu proqram çərçivəsində Ağsaqqallar Şurası və Türk Akademiyasının dəstəyi ilə Ankarada seminar, 10–11 sentyabr tarixlərində isə Almatıda komissiyanın ilk iclası keçirilib. Həmin görüşlərdə gələcək tədqiqatların metodologiyası, strukturu və təşkili məsələləri müzakirə olunub.
“Komissiyanın məqsədi türk xalqlarının ümumi tarixinə dair iki cildlik nəşr hazırlamaqdır. Bu nəşrin vahid əlifbaya əsaslanan bütün türk dillərində çap olunması planlaşdırılır. Bu məsələ bu gün keçirilən iclasda da müzakirə ediləcək”, - deyə o əlavə edib.
